Doktoranturaya qəbul ətrafında yeni mübahisə: Namizədlər Konstitusiyaya uyğunluğun araşdırılmasını tələb edirlər
Doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı yaranmış mübahisə yeni mərhələyə keçib. Çoxsaylı namizədlər məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə və digər ali dövlət qurumlarına müraciət hazırladıqlarını bildirərək, tətbiq olunan prosedurların Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan qanunvericiliyə uyğunluğunun araşdırılmasını tələb edirlər.
Namizədlərin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi son açıqlamalarında beynəlxalq dil sertifikatlarının həqiqiliyinin və ekvivalentliyinin Direktorlar Şurasının 28 aprel 2023-cü il tarixli 38/İ-3 nömrəli əmri ilə tənzimləndiyini bildirir. Lakin müraciət müəllifləri hesab edirlər ki, əsas məsələ həmin əmrin mövcudluğu deyil, onun hüquqi statusu və vətəndaşların hüquqlarına təsir edən əlavə prosedurlar yaratmaq üçün kifayət edib-etməməsidir.
Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərə bilər və heç kəs qanunda nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Bu səbəbdən namizədlər əlavə qiymətləndirmə və müsahibələrin hansı normativ hüquqi akt əsasında tətbiq edildiyinə dair aydın hüquqi izah tələb edirlər.
Operativ.info xəbər verir ki,narazılıq doğuran digər məqam DİM-in açıqlamasında işlədilən "yalnız rəsmi imtahan mərkəzlərində keçirilmiş nəticələr" ifadəsidir. Namizədlər soruşurlar: rəsmi imtahan mərkəzləri hansı hüquqi meyarlarla müəyyən edilir, onların təsdiq edilmiş siyahısı varmı və bu siyahı niyə ictimaiyyət üçün açıq şəkildə təqdim edilmir?
Müraciətdə əlavə qiymətləndirmə prosedurunun özü ilə bağlı da suallar qaldırılır. Bildirilir ki, sertifikatın həqiqiliyinin yoxlanılması məqsədilə keçirilən görüşlərin proqramı, qiymətləndirmə meyarları, sualların istiqaməti və qərar qəbul etmə mexanizmi əvvəlcədən ictimaiyyətə açıqlanmayıb. Namizədlər hesab edirlər ki, əgər belə qaydalar mövcuddursa, onlar əvvəlcədən dərc edilməli və hər kəs üçün əlçatan olmalıdır.
Bəzi namizədlər, həmçinin, onlarla əlaqə saxlanılması üsulu ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların bildirdiyinə görə, əlavə görüş barədə əvvəlcə naməlum telefon nömrələrindən zənglər edilib, zəng edən şəxslər öz vəzifələrini və səlahiyyətlərini tam təqdim etməyiblər, daha sonra isə rəsmi yazışmalar aparılıb. Namizədlər bu praktikanın hansı hüquqi prosedura əsaslandığının açıqlanmasını istəyirlər.
Müraciət müəllifləri vurğulayırlar ki, məqsədləri beynəlxalq sertifikatların yoxlanılmasına etiraz etmək deyil. Onların əsas tələbi tətbiq olunan bütün prosedurların Konstitusiyanın aliliyi, hüquqi müəyyənlik və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilməsidir.
Bu baxımdan onlar Konstitusiya Məhkəməsinin və digər səlahiyyətli dövlət qurumlarının aşağıdakı suallara hüquqi münasibət bildirməsini xahiş edirlər:
38/İ-3 nömrəli əmrin hüquqi statusu nədir və o, vətəndaşların hüquqlarına təsir edən əlavə prosedurlar müəyyən edə bilərmi?
"Rəsmi imtahan mərkəzləri" hansı hüquqi meyarlarla müəyyən edilir və onların siyahısı niyə ictimaiyyətə açıqlanmır?
Əlavə qiymətləndirmə prosedurunun proqramı, meyarları və qərarvermə mexanizmi hansı normativ hüquqi aktla təsbit olunub?
Vətəndaşların əlavə qiymətləndirməyə dəvət olunması hansı hüquqi prosedurla həyata keçirilməlidir?
Namizədlər hesab edirlər ki, bu suallara veriləcək hüquqi cavab yalnız konkret qəbul prosesi üçün deyil, gələcəkdə bütün doktoranturaya qəbul sistemində hüquqi müəyyənliyin və ictimai etimadın təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Doktoranturaya qəbul ətrafında yeni mübahisə: Namizədlər Konstitusiyaya uyğunluğun araşdırılmasını tələb edirlər
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
DİM sədri Məleykə Abbaszadə namizədlərin harayına cavab verəcəkmi ?- Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
Cəmil Kamilli məhbuslara niyə qənim kəsilib ?- Həbs olunan vəzifəli şəxslərə ’’SENTRAL’’da hansı şərait yaradılıb ?
DİM sədri Məleykə Abbaszadə namizədlərin harayına cavab verəcəkmi ?- Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
Doktoranturaya qəbul ətrafında yeni mübahisə: Namizədlər Konstitusiyaya uyğunluğun araşdırılmasını tələb edirlər
Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?