• 07.12.2022 04:15

MİDA-da 5 saniyədə satılmış 442 mənzilin hərracı etibarsız sayıla bilərmi?

Apr 16, 2022

DTX Mənzil İnşaatı Dövlət Agentliyinin 5 saniyə ərzində 500-ə yaxın mənzilin satışına müdaxilə edənləri məsuliyyətə cəlb edib.

Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olaraq ehtiyacı olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırıblar. Eyni zamanda dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.

Əgər cinayyət işi açılıbsa, belə olan halda Mənzil İnşaatı Dövlət Agentliyinin 5 saniyədə 500-ə yaxın mənzilin satılması ilə bağlı elan olunan hərracın nəticələri etibarsız sayıla bilərmi?

“Prokurorluq istəsə, məhkəməyə müraciət edərək nəticələrin etibarsız hesab olunmasını tələb edə bilər”

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hərracın nəticələri məhkəmənin qərarı əsasında etibarsız sayıla bilər:

“Mənzil İnşaatı Dövlət Agentliyinə ev almaq üçün müraciət edən şəxslər var.  Əgər onlar haqlarının pozulduğunu güman edirlərsə, o zaman məhkəməyə müraciət edə bilərlər. Keçirilən hərracın qanunsuz olduğunu bildirib, bunun əsasında hərracın nəticələrinin etibarsız hesab-edilməsini tələb edə bilərlər. Burada maraqlı şəxslər hərracda iştirak edib, amma mənzil ala bilməyənlərdir”.

Əkrəm Həsənov hesab edir ki, hərracın ləvği üçün dövlət orqanları da müraciət edə bilər:

“Prokurorluq istəsə, məhkəməyə müraciət edərək nəticələrin etibarsız hesab olunmasını tələb edə bilər”.