• 03.07.2022 10:19

Neft Emalı Zavodunun “Modernizasiya və yenidən qurulması”

Apr 15, 2022

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması” layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (CSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (MTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimai dinləmə zamanı “Modernizasiya və yenidənqurma” layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib.

SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı çıxışında bildirib ki, “Avro-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası uğurla, təhlükəsiz şəkildə davam etdirilir.

Belə ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-da 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq. Bir sıra yeni və müasir tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri həyata keçiriləcək. Neft Emalı Zavodunun ümumzavod təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə yenilənəcək.

Qeyd edilib ki, layihə çərçivəsində NEZ-da əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirilir. Neft Emalı Zavodunun hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir. Nəticədə razılaşdırılmış plana əsasən cari il aprelin 4-dən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb.

2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Layihənin növbəti mərhələlərinin icrası nəticəsində isə bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub. Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Bu səbəbdən NEZ-da aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir.

Layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, 2022-ci ilin ortalarından etibarən, əvvəlcə “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub. Digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-da istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “Avro-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub.

SOCAR-ın “Downstream Management” şirkətinin ətraf mühit üzrə meneceri Tural Məhərrəmov layihənin ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb etdiyini, layihə müddətində yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinə diqqət yetirildiyini vurğulayıb. O, həmçinin müasir texnologiyaların tətbiq olunduğunu və qabaqlayıcı tədbirlərin görüldüyünu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflərin yekun sənəddə nəzərə alınacağı bildirilib.

Daha sonra tədbir iştirakçıları, o cümlədən media nümayəndələri NEZ-in ərazisini gəzərək görülən işlərin mövcud vəziyyəti ilə tanış olublar.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.